Gəncə Əkinçilik və Dövlət Əmlakı İdarəsi
Gəncə Əkinçilik və Dövlət Əmlakı İdarəsi — əkinçiliyin, digər kənd təsərrüfatı sahələrinin yayılmasına və təkmilləşdirilməsinə, dövlət əmlakının qorunmasına, xəzinə və töycü rüsumlarının toplanmasına, meşələrin mühafizəsinə rəhbərlik və nəzarət edən qurum.
== Fəaliyyəti ==
1903-cü il mayın 1-də yaradılmışdı. Əkinçilik və Dövlət Əmlakı Nazirliyinə tabe idi. 1918-ci ilin 2-ci yarısında idarə 1917-ci ilin sonu 1918-ci ilin əvvəllərində baş vermiş hadisələrlə əlaqədar xüsusi mülkiyyətdə olan malikanələrə və torpaqlara, eləcə də dövlət əmlakına dəymiş ziyanı müəyyənləşdirməyə, torpaq və meşə sahələrində qayda yaratmağa başlamışdı.
Meşələrin amansızcasına qırılmasını dayandırmaq üçün ağac materiallarına və oduna kəndlər üzrə məhdudiyyət qoyulmuşdu. 1919-cu ilin əvvəlində 1919-1920 illər üçün yeni smetalar tərtib edilmişdi. Meşə təsərrüfatı məsələlərini tam həll etmək üçün meşə sahələrinin qorunması, ağac materiallarının verilməsi qaydasının dəyişdirilməsi və s. haqqında qərarlar qəbul olunmuşdu. Torpaq və töycü sahəsində istər köçürülmüş rus kəndlilərinin, istərsə də yerli sakinlərin tərk etdikləri torpaqların müəyyən edilməsinə dair tədbirlər görülürdü. 1919-cu ildə xüsusi şəxslərin tərk etdikləri mülklərin və torpaqların qeydiyyatı həyata keçirilir, onlardan səmərəli istifadəyə dair tədbirlər işlənib hazırlanırdı.